Çin bütün gücünü robototexnikaya yönəldib
Pekində Dünya Robot Texnologiyaları Konfransı (World Robot Conference, WRC) açılıb və burada onlarla Çin startapı humanoid (insanabənzər) robotlarını təqdim edib. Tədbir, belə qurğuların kütləvi satışları hələ geniş miqyasda başlamasa da, yerli robot texnologiyalarına investor marağının artdığı bir vaxtda keçirilib. Konfrans çərçivəsində, tədbirin keçirildiyi yerin yaxınlığında Robot Mall - təxminən 50 humanoid modelinin artıq satışda olduğu ticarət məkanı - da açılıb. Sərgidə müxtəlif hərəkətləri yerinə yetirə bilən robotlar təqdim olunub. Məsələn, rəqs etmək, qucaqlamaq və topu səbətə atmaq. Xüsusilə, Şençjendən olan LimX Dynamics startapı Alibaba Group Holding-in dəstəyi ilə ilk robotu Oli-ni təqdim edib. O, musiqi sədaları altında rəqs zamanı mürəkkəb hərəkətlər nümayiş etdirib.

Microsoft ekosistemində sənədlərin skan edilməsi və rəqəmsallaşdırılması üçün nəzərdə tutulmuş ən məşhur pulsuz mobil alətlərdən biri olan Microsoft Lens tətbiqini mərhələli şəkildə deaktiv etməyə başlayacaq. Məlumata görə, xidmətin tam dayandırılması 2025-ci ilin dekabrına planlaşdırılıb. İstifadəçilərə oxşar funksiyaların mövcud olduğu Microsoft 365 Copilot-a keçmək təklif olunacaq. Microsoft Lens - Android və iOS platformaları üçün nəzərdə tutulmuş pulsuz tətbiqdir.
OpenAI açıq mənbəli iki süni intellekt modelini təqdim edib - şirkətin bildirdiyinə görə, bu modellər onun “o” seriyasına daxil olan modellərlə oxşar imkanlara malikdirlər. Hər iki yeni açıq mənbəli süni intellekt modeli Hugging Face platformasında əlçatandır. Şirkət iki fərqli model təqdim edib: daha güclü olan gpt-oss-120b modeli işləmək üçün NVIDIA videokartı tələb edir, daha yüngül gpt-oss-20b modeli isə cəmi 16 GB RAM-a malik adi bir noutbukda işləyə bilir. OpenAI sonuncu dəfə açıq mənbəli koda sahib layihəni 5 ildən çox əvvəl - GPT-2 modeli ilə təqdim etmişdi.
