OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər
Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı ilə bağlı danışıqlar aparır. Məlumata əsasən bu öz növbəsində şirkətin bazar dəyərini 90 milyard dollara yüksəldə bilər. Çox güman ki, söhbət, şirkətin yeni səhmləri deyil, öz əməkdaşlarının sahib olduqları səhmləri satışa çıxartmaq istəməsindən gedir. Səhmlərinin müəyyən hissəsinin Microsoft-a məxsus olduğu OpenAI şirkəti bu məlumatın ortaya çıxması fonunda hal hazırda diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda bazar dəyəri 29 milyard dollar təşkil edir. Aprel ayında OpenAI bir sıra vençur şirkətindən ümumilikdə 300 milyon dollar investisiya əldə etmişdi.