Bazar ertəsi, 19 May 2025

Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək

Google şirkəti süni zəka əsaslı Gemini köməkçisini Google TV ilə çalışan cihazlara, Android Auto sistemli avtomobillərə, WearOS əməliyyat sistemi ilə çalışan ağıllı saatlara və Android XR ilə işləyən qarışıq reallıq cihazlarına gətirməyi planlaşdırır. Google dəqiq tarix göstərməsə də, Gemini-nin müxtəlif cihaz növlərində nə vaxt əlçatan olacağına dair ipucları verib. Google-un tərtibatçılar üçün bloqunda qeyd olunur ki, Google TV-də “uşaqlarınız üçün yaşa uyğun filmləri soruşa və ən yaxşı tövsiyələri ala bilərsiniz”. Nümunə olaraq istifadəçinin Gemini-dən ibtidai sinif şagirdinə Günəş sistemi haqqında danışmağını istədiyi bir vəziyyət təqdim olunur.

Bu zaman alqoritm qısa izahat yaradır və “Ətraflı öyrən” düyməsinə toxunduqda istifadəçi YouTube-da Günəş sistemi haqqında mövzuya uyğun videolara baxa bilir.

Gemini süni zəka köməkçisi Google TV-yə bu ilin sonlarına doğru inteqrasiya ediləcək. Avtomobillərdə Gemini, Google Assistant köməkçisini daha da təkmilləşdirəcək və o, hərəkət zamanı nə istədiyinizi təbii dil əsasında anlamaq qabiliyyətinə sahib olacaq. Məsələn, Gemini istifadəçinin hərəkət marşrutu üzrə ən yaxın elektrik doldurma stansiyasını tapa biləcək. Həmçinin, o, mesajlaşma tətbiqlərinə qoşularaq daxil olan mesajları ümumiləşdirmək bacarığına malik olacaq. Gemini, Android Auto sistemində qarşıdakı aylarda istifadəyə veriləcək.

WearOS əməliyyat sistemində süni zəka köməkçisi istifadəçilərə səsli köməkçi ilə təbii dildə ünsiyyət qurmağa imkan verəcək. Bunun üçün düzgün söz seçmək və ya ağıllı saatın kiçik ekranında mesaj yazmaq lazım olmayacaq. Bu, xüsusilə qaçış zamanı hər hansı bir məlumatı dəqiqləşdirmək kimi vəziyyətlərdə faydalı ola bilər. Gemini-nin WearOS ilə inteqrasiyası qarşıdakı aylarda həyata keçiriləcək. Tərtibatçılar həmçinin bildiriblər ki, Gemini Samsung tərəfindən hazırlanan Android XR əsaslı ilk qarışıq reallıq cihazına da inteqrasiya ediləcək. Gözlənilir ki, bu cihazın sahibləri süni zəka köməkçisini ilin sonuna kimi sınaqdan keçirə biləcəklər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609257
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1090
3832
25732
1609257
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.