WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır
WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar. Bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.25.1.26 nömrəli beta versiyasında aşkar edilib. Daha öncə məlumat ortaya çıxmışdı ki, messencer daxilindəki Communities qovluğu süni zəka qovluğu ilə əvəz ediləcək və həmin qovluqda süni zəka ilə bağlı bütün funksiyalar yerləşəcəklər. Belə funksiyalardan biri isə “AI Character” adlı funksiya olacaq. Adından da bəlli olduğu kimi sözügedən funksiya süni zəka əsaslı fərdi çat-botun yaradılmasına istiqamətlənib. İstifadəçilər çat-botların tapşırıqlarını və məqsədlərini qeyd etməklə onları yarada biləcəklər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Belə ki, funksiya hələ hazırlanma mərhələsindədir və hətta messencerin beta versiyasında belə aktiv deyil.