Samsung yenilənmiş Bixby səsli köməkçisini istifadəyə verməyə hazırlaşır
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti Galaxy S25 smartfonlarının satışları ilə birlikdə özünün Bixby adlı səsli köməkçisinin yenilənmiş versiyasını istifadəyə verəcək. Məlumatda qeyd edilib ki, Bixby-nin yenilənmiş versiyası Samsung-un ChatGPT və Google Gemini tərzində fərdi böyük dil modeli əsasında çalışacaq. Nəticədə istifadəçi Bixby ilə daha təbii şəkildə qarşılıqlı əlaqədə ola biləcək və səsli köməkçini müxtəlif tətbiqlərə inteqrasiya etmək mümkün olacaq.
Gözləntilərə əsasən Bixby-nin yenilənmiş versiyası istifadəyə veriləcək OneUI 7.0 istifadəçi interfeysinin bir hissəsinə çevriləcək. OneUI 7.0-ın Galaxy S25 smartfonları ilə yanaşı Samsung-un daha köhnə smartfonlarında da aktiv olacağını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, yenilənmiş Bixby həmçinin həmin köhnə smartfonlarda da istifadəyə veriləcək. Yenilənmiş Bixby-nin məlumatları müxtəlif tətbiqlərdən əldə edə biləcəyi və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif tətbiqlərə qoşula biləcəyi gözlənilir.