Windows istifadəçilərinə hər gün 600 milyondan çox kiberhücum olur!
“Microsoft” şirkəti “Microsoft Digital Defense Report 2024” hesabatını dərc edib. 114 səhifəlik sənəd son bir ildə müxtəlif növ kiberhücumların sayında əhəmiyyətli artım olduğunu göstərir. Sənəddə bildirilir ki, Windows istifadəçilərinə hər gün 600 milyondan çox kiberhücum baş verir. Həmçinin bu rəqəmlərin getdikcə daha çox artdığı da iddia edilib.
Hesabata görə, Windows istifadəçiləri hər gün 600 milyondan çox kiberhücum ilə rastlaşır. PCWorld izah edir ki, hücumlar ransomware, fişinq və digər mürəkkəb kiberhücum formalarından ibarətdir. Hakerlər əsasən parolları oğurlamağa çalışırlar. Microsoft ekspertləri qeyd edirlər ki,
kibercinayətkarlar ən son texnologiyalardan, o cümlədən süni intellektə (AI) əsaslanan alətlərdən fəal şəkildə istifadə edirlər. Bu texnologiya təcavüzkarlara saxta şəkillər, videolar və audio yazılar yaratmağa kömək edir. Süni intellekt, saxta iş müraciətləri vasitəsilə şirkətlərin daxili sistemlərinə sızmaq üçün “mükəmməl” CV-lərin yaradılması üçün də istifadə olunur. Hakerlərin birbaşa hücumlar üçün süni intellekt platformalarından istifadə edə bildiyi də məlum olub. Məsələn, onlar saxta sorğular (XPIA) vasitəsilə saxta əmrlər göndərə və qurbanın kompüterinə nəzarət edə bilərlər.
Risk altında olanlar təkcə adi istifadəçilər deyil. Belə ki, Kiberhücumlar getdikcə daha çox dövlət qurumlarını və şirkətləri hədəf alır. Məsələn, cari ildə ABŞ-ın səhiyyə sistemi 389 uğurlu kiberhücuma məruz qalıb ki, bu da şəbəkələrdə, müxtəlif sistemlərdə fasilələrə və mühüm tibbi prosedurların gecikməsinə səbəb olub. Hesabatda vurğulandığı kimi, bu hücumların çoxunun arxasında təkcə “adi” kibercinayətkarlar dayanmır. Microsoft bu cür hücumların əsas mənbələrindən biri kimi digər ölkələrlə yanaşı Çini də göstərir. Eyni zamanda, adi kibercinayətkarlar və dövlət tərəfindən dəstəklənən hakerlər arasındakı sərhəd getdikcə daha da azalır.