Android üçün Nearby Share sistemi Quick Share olur: Chrome Brauzeri avtomobillərə gəlir!
Bir çox texnologiya nəhəngi kimi, Google da ABŞ-da baş tutan CES 2024 sərgisi çərçivəsində bir çox yenilik elan edib. Belə ki, Android üçün Nearby Share sistemi artıq Quick Share olur və Chrome brauzeri birbaşa avtomobillərə gəlir. Ümumiyyətlə ötən ay Android tərəfində sürpriz xəbərin gündəmə gəldiyi yəqin ki, hərkəsə məlumdur. Məhz iddialara görə, Androidin AirDrop rəqibi Nearby Share sisteminin ad dəyişikliyi ilə Quick Share olacağı məlum olmuşdu. Məhz bu iddianın ən maraqlı tərəfi Samsung şirkətinin uzun müddət öz həlli üçün Quick Share adından istifadə etməsi olmuşdu.
Bu gün isə ötən ay ortaya çıxan iddiaların doğru olduğu təsdiqləndi və CES 2024 sərgisində Google rəsmi olaraq Android üçün Nearby Share sisteminin Quick Share kimi adlandırılacağını elan etdi. Belə ki, Google və Samsung Nearby Share adını Quick Share olaraq dəyişmək üçün birləşdilər. Yeni Quick Share seçimi gələn aydan etibarən demək olar ki, bütün mövcud Nearby Share funksiyalı cihazlarda mövcud olacaq. Google və Samsung bu gün həmçinin, Windows kompüterlərində əvvəlcədən quraşdırılmış Quick Share təklif etmək üçün kompüter istehsalçıları ilə danışıqlar apardıqlarını açıqladı.
Bundan əlavə CES 2024 sərgisində Chrome brauzerinin Android əsaslı, yəni rəsmi olaraq Google tərəfindən dəstəklənən avtomobil modellərinə gəlməyə başladığı açıqlandı. Google brauzerin ilk olaraq beta proqramının bir hissəsi olaraq Volvo və Polestar avtomobillərinə gələcəyini və bu ilin sonuna kimi daha çox avtomobil üçün dəstək veriləcəyini bildirdi. Avtomobil tərəfində, Android Auto sistemindən istifadə edən elektrikli avtomobillərin artıq real vaxt rejimində batareya məlumatlarını Google Xəritə ilə paylaşa biləcəyi də açıqlanıb.