Microsoft şirkəti Windows 11 istifadəçilərinin çoxdan gözlədikləri yeniliyi sonunda reallaşdırıb. Söhbət, əməliyyat sisteminin özünü fərdi şəkildə yenidən quraşdıra bilməsi imkanından gedir. Bu yeni funksiya Windows 11-in hələ ki, beta versiyasında istifadəyə verilib. Windows 11-i bütün faylların qorunması ilə daha əvvəllər də yenidən quraşdırmaq mümkün idi. Lakin bunun üçün Media Creation Tool-dan istifadə etmək lazım gəlirdi. Bunu isə heç cür sadə proses adlandırmaq olmaz. Əməliyyat sisteminin beta versiyasında istifadəyə verilmiş Fix problems using Windows Update adlı yeni funksiya Windows 11-i yenilənmə mərkəzi vasitəsilə yenidən quraşdırır. Sözügedən yeni funksiya gələn ilin birinci yarısında Windows 11-in stabil versiyasında istifadəyə verilə bilər.