Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir
Adobe şirkəti generativ süni zəka sistemləri ilə müxtəlif təcrübələr aparmağa davam edir. Özünün Photoshop tətbiqinə çoxlu sayda süni zəka funksiyasını əlavə edəndən sonra şirkət hal hazırda öz diqqətini videolara ayırıb. Şirkətin hazırladığı Project Fast Fill adlı yeni funksiya bu və ya digər videoda baş verənləri dəyişmək imkanına sahibdir. Sözügedən funksiya Google Pixel 8 smartfonlarında olan Magic Eraser funksiyasını xatırladır.
Google Pixel 8 smartfonlarındakı bu funksiya fotolardakı obyektləri silməyə, onların yerlərini dəyişməyə və obyektlərin özlərini redaktə etməyə imkan verir.
Lakin Adobe şirkətinin hazırladığı yeni süni zəka funksiyası məhz videolara istiqamətlənib. Məsələn Project Fast Fill funksiyası videodakı kənar şəxsləri, avtomobili və ya digər bir obyekti silə bilər. Sözügedən funksiya vasitəsilə videodakı obyektləri üstəlik dəyişmək də olar. Hal hazırda bu funksiya hazırlanma mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi bilinmir.