Paint-ə süni zəka vasitəsilə fotoların tərtib edilməsi funksiyası əlavə edilib
Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini istifadəyə verdi. Sözügedən yenilənmə əməliyyat sistemi üçün bir sıra funksiyaları əlavə etməklə yanaşı Paint tətbiqinə maraqlı bir yeniliyi də gətirib. Söhbət, Cocreator adlı funksiyadan gedir. Bu, mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş funksiyadır. Beləliklə bundan sonra istifadəçilər Paint-də süni zəka vasitəsilə fotolar tərtib edə biləcəklər. Cocreator funksiyasını işə salan xüsusi düymə Paint daxilində alətlər panelinə inteqrasiya edilib.
Düyməyə klikləyəndən sonra tətbiqin sağ hissəsində təsvirlərin mətn şəklində daxil edilməsi üçün nəzərdə tutulmuş pəncərə ortaya çıxır. Həmin pəncərədə istifadəçi istədiyi fotonun tərtib edilməsi üçün lazım olan sorğunu və fotonun tərzini qeyd edə bilər. Daha sonra isə tətbiq istifadəçinin sorğusu əsasında fotonu tərtib edəcək. Bununla belə tərtib edilmiş fotonu Paint daxilində redaktə etmək də olar. Bu yeni funksiya ilə qarşılıqlı əlaqə çox sadə olduğu üçün o, istifadəçilər arasında böyük tələbata sahib olacaq. Lakin Paint-in bu yeni funksiyasından istənilən şəxs yaxın zamanda istifadə edə bilməyəcək. İlk öncə istifadəçi Windows 11 22H2 yenilənməsini yükləməli və yenilənmiş Paint-in istifadəyə verilməsini gözləməli olacaq.