Microsoft Surface Laptop Studio 2 noutbuku təqdim edilib
Microsoft şirkəti Surface brendi altında daha bir yeni noutbuk modelini təqdim edib. Söhbət, Surface Laptop Studio 2-dən gedir. Daha öncəki modeldən fərqli olaraq Surface Laptop Studio 2 daha performanslı texniki imkanları əldə edib. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1600 piksel keyfiyyətli 14.4 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 650 nit təşkil edir və Surface Slim Pen 2 stilusunu dəstəkləyir.
Bu yeni flaqman noutbuk Intel Core i7-13700H prosessoru vasitəsilə çalışır və özündə 64 GB-a kimi RAM yaddaşı ilə 2 TB-a kimi SSD-ni birləşdirir.
Surface Laptop Studio 2 noutbukunun alışı zamanı onun 3 videokartdan birinə sahib versiyasını əldə etmək olacaq. Söhbət, NVIDIA GeForce RTX 4050, RTX 4060 və RTX A2000-dən gedir. Qeyd etmək lazımdır ki, Surface Laptop Studio 2 üstəlik NPU (Neural Processing Unit) blokuna sahibdir. Bu isə o deməkdir ki, noutbukun prosessoru Intel-in Gen3 Movidius 3700 VPU adlı süni zəka sürətləndiricisi ilə təmin edilib. Microsoft-un sözlərinə əsasən noutbuk bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa bilir. Noutbuk özündə 2 ədəd USB-C girişini, 2 ədəd USB-A girişini, microSD kart oxuma girişini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.
Surface Laptop Studio 2 gələn ayın əvvəlində 2000$ qiymətində satışa çıxacaq. Bununla belə bu qiymətə satılacaq versiyada yuxarıda adları sadalanmış videokartlardan biri olmayacaq. Bu qiymətə satılacaq model yalnız Iris Xe qarfikasına sahib olacaq. Noutbukun RTX 4050 videokartına, 16 GB RAM-a və 512 GB-lıq SSD-yə sahib versiyası 2400$-a, RTX 4060 videokartına, 64 GB RAM-a və 2 TB-lıq SSD-yə sahib versiyası isə 3700$-a satılacaq.