Meta proqram təminatı kodlarını tərtib edə biləcək süni zəka modelini işə salmağa hazırlaşır
Meta şirkətı süni zəka sahəsindəki yeni məhsulunu təqdim etməyə hazırlaşır. Söhbət, proqram təminatı kodlarının tərtib edilməsi imkanına sahib süni zəka modelindən gedir. Bu layihə Code Llama adını əldə edib. Sözügedən layihə Meta-nı Google, Microsoft və OpenAI şirkətlərinin daxil olduqları siyahıya əlavə edə bilər. Code Llama adlı süni zəka modeli istifadəçinin sorğusu əsasında proqram təminatı kodlarını tərtib edə biləcək.
Gözləntilərə əsasən sözügedən süni zəka modeli açıq mənbəli koda sahib olacaq və o, artıq bu həftə ərzində işə salına bilər.
Code Llama öz növbəsində OpenAI şirkətinin Codex adlı oxşar sistemi ilə rəqabət aparacaq. Llama 2 adlı yeni nəsil böyük dil modeli əsasında hazırlanmış Code Llama mətnin tərtib edilməsi və anlaşılması üçün dil modelinin imkanlarından istifadə edir. Code Llama-nın əsas məqsədi real zaman ərzində proqram təminatı kodunun tərtib edilməsi prosesinin avtomatlaşdırılması hesabına süni zəka köməkçilərinin yaradılmasının sadələşdirilməsindədir. Bu öz növbəsində tərtibatçılıq prosesinin effektivliyini yüksəldəcək və Microsoft-un GitHub Copilot kimi ödənişli süni zəka sistemindən imtina etməyə şərait yaradacaq.