ZTE şirkəti 6G-nin əsas testlərini yekunlaşdırıb
Hər yeni nəsil mobil şəbəkənin inkişaf dövrü 10 il çəkir. 4G şəbəkəsi 2009-cü ildə təqdim edilmişdi. 2019-cu ildə isə 5G şəbəkəsi təqdim olundu. 6G şəbəkəsinə gəldikdə, onun 2029-2030-cu ildə istifadəyə verilməsi gözlənilir. Verilmiş yeni məlumata əsasən ZTE şirkəti 6G şəbəkəsinin testlərini uğurla yekunlaşdırıb. Aparılmış testlər çərçivəsində şirkət bəzi şəbəkə göstəricilərini yoxlayıb. Lakin məlumatlarda sözügedən şəbəkənin konkret göstəriciləri qeyd edilməyib. Bununla belə 6G perspektiv olaraq məlumatların ötürülməsi sürətini qat-qat yüksəldə bilər. ZTE şirkəti 6G şəbəkəsini əhatə edən tədqiqatlara artıq 16 milyard yuan vəsait xərcləyib.
Bu isə şirkətin il ərzində olan əməliyyat gəlirinin 17%-ni təşkil edir. Daha öncə isə şirkət bu cür tədqiqatlara öz əməliyyat gəlirinin yalnız 10%-ni xərcləyirdi. Gözləntilərə əsasən ilk 6G həllər artıq 2030-cu ildə ortaya çıxa bilər. Qeyd etmək lazımıdr ki, əgər Çin 6G-nin aparıcı texniki nümunələrini test edirsə, Avropa ilə ABŞ bu sahəyə hələ investisiya yatırmaq prosesindədirlər. Məsələn Ericsson şirkəti Böyük Britaniyada 6G texnologiyasının tədqiqatına milyonlarla funt sterlinq vəsait xərcləyir. Bununla yanaşı şirkət 6G ilə məşğul olacaq xüsusi tədqiqat qrupu da yaradacaq. Xiaomi və Samsung da sözügedən texnologiya barəsində tədqiqatlarına artıq start veriblər.