Whatsapp daxilində şirkətləri axtarmağa və onların məhsullarını almağa imkan verən funksiya istifadəyə verilib
Whatsapp tərtibatçıları messencer daxilində alıcılar ilə şirkətlər arasındakı əlaqəni sadələşdirmək üçün nəzərdə tutulmuş yeni funksiyanı anons ediblər. Faktiki olaraq messencer inteqrasiya edilmiş biznes kataloqu əldə edəcək. Bu isə öz növbəsində sahibkarlara öz xidmətlərinin reallaşdırılması üzrə yeni üsulları təqdim edəcək. Business Finder adlı yeni funksiya Whatsapp daxilində şirkətləri adlar və kateqoriyalar üzrə axtarmağa imkan verəcək. Kateqoriyalara misal olaraq turizm, geyim, qida, bank xidmətləri və s. gətirmək olar. Business Finder funksiyası vasitəsilə lazımi şirkəti tapandan sonra onunla sürətli şəkildə əlaqə yaratmaq və ya tapılmış şirkətin məhsulları ilə xidmətlərindən yararlanmaq olar.
İstifadəçi ikinci variantı seçdiyi halda yerindəcə ödənişi reallaşdıra biləcək. Bu, hansısa məhsulun, nəqliyyat vasitəsinə biletin alınması və ya bankda hesabın açılması ola bilər. Bütün bunlar xüsusi interfeys vasitəsilə birbaşa messencer daxilində reallaşdırılacaq. Whatsapp-ın yeni funksiyası hələ ki, Braziliya, İndoneziya, Meksika, Kolumbiya və Böyük Britaniyadakı Whatsapp Business istifadəçiləri üçün aktivdir.