Wi-Fi 7 dəstəkli smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxacaqlar
Wi-Fi 7 standartı hələ təsdiqlənməsə də, onun dəstəyinə sahib smartfonlar artıq satışa çıxmağa hazırlaşırlar. Məlumata əsasən Wi-Fi 7 dəstəyinə sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar. Əsas səbəb isə bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessorudur. Hal hazırda kommunikasiya mövzusunda ən öndə olan cihazlar və şəbəkə təchizatları Wi-Fi 6 və Wi-Fi 6E standartlarının dəstəklərinə sahib olanlardır. Lakin bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessoru Wi-Fi 7 standartının dəstəyini özündə birləşdirir.
Qeyd etmək lazımdır ki, sözügedən standartın adı, texniki özəllikləri Wi-Fi Alliance təşkilatı tərəfindən hələ təsdiqlənməyib. Orta statistik istifadəçinin Wi-Fi 7-nin imkanlarından faydalana bilib-bilməyəcəyi də aydın deyil. Bu naqilsiz şəbəkə standartı saniyədə 30 Gbit qoşulma sürətini təmin edir. Aktual olan Wi-Fi 6E-də isə bu göstərici saniyədə 4.8 Gbit təşkil edir. Lakin hal hazırda internetin ortalama sürəti çox aşağıdır. Hətta Wi-Fi 6E belə çox geniş şəkildə yayılmayıb. Buna baxmayaraq MediaTek Dimensity 9200 prosessoruna sahib smartfonların istifadəçiləri hər baxımdan hazırlıqlı olacaqlar.