Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək
Twitter bu il tweet-lərin redaktə edilməsi funksiyasını anons etmişdi. Hər hansısa tweet-i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış tweet-i redaktə edə bilər. Lakin sözügedən funksiya Twitter Blue adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi Twitter istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.
Belə ki, Business Insider-in verdiyi məlumata əsasən tweet-lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq.
Məlumatda qeyd edilib ki, bu qərarı Twitter-in yeni sahibi olan Elon Musk verib. Bununla bağlı rəsmi məlumat hələ verilməsə də gözləntilərə əsasən tweet-lərin redaktə edilməsi funksiyası ya bu həftə ya da gələn həftə bütün istifadəçilər üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, sözügedən funksiyanın hazırlanmasına 2021-ci ildə start verilmişdi. Bu ilin aprel ayında isə sosial şəbəkə bu funksiyanı məhdud sayda istifadəçi arasında test etməyə başlamışdı.