Chrome brauzerində sistem resurslarına qənaət üçün yeni funksiyalar istifadəyə veriləcək
Chrome tərtibatçıları brauzerə yeni funksiyalar əlavə etməklə onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə brauzer aktiv olmayan qovluqların dayandırılması və sistem resurslarının digər tətbiqlər üçün azad edilməsi funksiyalarını əldə edib. Reddit istifadəçilərindən biri Chrome Canary-nin son versiyasındakı ayarlarında “Performance” (chrome://settings/performance) adlı yeni bölmə aşkar edib. Sözügedən bölmədə yaddaşa və enerji sərfiyyatına qənaət rejimləri mövcuddur. Yaddaşa qənaət rejimi istifadəçi tərəfindən müəyyən müddət ərzində istifadə edilməyən qovluqları qeyri-aktiv vəziyyətə salaraq RAM yaddaşını azad edir.
Sözügedən funksiya aktiv olduğu halda URL bəndində spidometr şəklində ikon əks olunacaq. Təqdim edilmiş fotolara əsasən belə qənaətə gəlmək olar ki, qeyri-aktiv vəziyyətdə olan qovluqların yenidən aktivləşdirilməsi üçün sadəcə olaraq onlara daxil olmaq lazım gələcək. Bununla yanaşı yaddaşa qənaət funksiyasının aktivləşdirilməsi zamanı istifadəçi hansı həcmdə RAM yaddaşının qanaət edildiyi barəsində məlumat da əldə edəcək. Həmçinin istifadəçi öz istəyinə uyğun olaraq müəyyən qovluqları istisna edə biləcək və həmin qovluqlar yaddaşa qənaət rejimi çərçivəsində qeyri-aktiv vəziyyətə düşməyəcəklər.
Enerji sərfiyyatına qənaət rejiminə gəldikdə isə o, yüksək resurslar tələb edən funksiyaları deaktiv edəcək. Buna misal olaraq təsvirin yüksək tezlikdə yenilənməsini, vizual effektləri və fon aktivliyini gətirmək olar. Yüksək sistem resurslarını tələb edən bu funksiyaların deaktiv edilməsi sayəsində enerji sərfiyyatına qənaət rejimi noutbukların və mobil cihazların çalışma müddətlərini yüksəldəcək. Hal hazırda bu yeni funksiyalar yalnız Chrome Canary-də test olunurlar. Sözügedən funksiyalar ilk növbədə Chrome brauzerinin beta versiyasında və daha sonra stabil versiyasında istifadəyə verilməlidir.