Çinin Baidu şirkəti avtopilot sisteminə sahib yeni nəsil elektrikli taksi modelini təqdim edib
Çinin texnologiya nəhəngi olan Baidu şirkəti avtonom şəkildə hərəkət edən nəqliyyat vasitələri sahəsinə tədricən daxil olmağa davam edir. Bu istiqamətdə şirkət avtopilot sisteminə sahib yeni taksi modelini təqdim edib. Təqdim edilmiş yeni elektrikli taksi modeli yaxın gələcəkdə Çində sərnişinlərin daşınması ilə məşğul olacaq. Apollo RT6 EV adlı taksi xarici görünüşcə off-road ilə minivanın sintezini xatırladır. Sözügedən elektromobil çıxarıla bilən sükana sahibdir. Buna görə də o, sürücüsüz olmadan da hərəkət edə bilir. Bu, Baidu şirkətinin 6-cı nəsil pilotsuz avtomobil modelidir. Bu elektromobil 4-cü səviyyəli avtopilot sistemini özündə birləşdirir. Bu isə o deməkdir ki, Apollo RT6 EV öncədən qeyd edilmiş ərazilərdə tamamilə avtonom şəkildə hərəkət edə bilir.
Bunun üçün elektromobil 38 ədəd sensor ilə təchiz olunub. Onlardan 8-i LiDAR skaneridir və həmin skanerlər elektromobilin ətraf mühitdə istiqamətlənməsində yardımçı olurlar. Elektromobil 4 nəfər sərnişin üçün nəzərdə tutulub. Bununla yanaşı sükanın çıxarılması halında salonun ön hissəsində müxtəlif əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş əlavə yer də yaranır. Həmçinin elektromobilin salonunda kameralar mövcud olacaq və həmin kameralar sərnişinlərə nəzarət üçün nəzərdə tutulacaq. Elektromobilin texniki özəllikləri barəsində məlumat verilməyib. Onun nə zaman istifadəyə veriləcəyi də məlum deyil. Lakin Baidu şirkəti bu istiqamətdə olan biznesini 2025-ci ilə kimi Çindən kənarda 65 ölkədə, 2030-cu ilə kimi isə 100 ölkədə inkişaf etdirməyi planlaşdırır.