Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını istifadəyə verib
Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiqinin istehlakçı versiyasını təqdim edib. Sözügedən antivirus tətbiqi özündə sadələşdirilmiş idarəetmə panelini birləşdirir və bütün istifadəçi cihazlarının kibertəhlükələrdən qorunmasını təmin edir. Beləliklə Defender-in istehlakçı versiyası Microsoft 365 Personal və Microsoft 365 Family abunəçiləri üçün aktivdir. İstifadə olunan cihazdan asılı olaraq antivirus tətbiqinin imkanları fərqlənir.
Məsələn iOS və iPadOS əməliyyat sistemləri qapalı sistemlər olduqları üçün onlarda istifadə edilən Defender versiyasında antivirus qorunması mövcud deyil. Lakin buna baxmayaraq sözügedən platformanın istifadəçiləri Defender-in digər imkanlarından istifadə edərək öz cihazlarının təhlükəsizliklərini təmin edə bilərlər.
Defender-in Android versiyası daha genişləndirilmiş funksionallığa sahibdir. Belə ki, o özündə antivirus qorunmasını, sistem skanı imkanını və fişinq hücumlardan qorunma özəlliyini birləşdirir. Windows-da isə Defender əsasən monitorinq paneli qismində çıxış edir və o, əməliyyat sisteminə inteqrasiya edilmiş antivirusun işinə müdaxilə etmir. Windows-da panel qismində çıxış edən Defender-də kənar tərtibatçıların antivirus məhsullarının məlumatlarını izləmək olar. Buna misal olaraq Norton və McAfee antiviruslarını gətirmək olar. Tətbiqin macOS versiyası da eyni imkanları təklif edir.