Hazırda 46 minə yaxın ziyarətçi “TEKNOFEST Azərbaycan” festivalına qeydiyyatdan keçib
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “TEKNOFEST” 2022-ci il mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.
“TEKNOFEST Azərbaycan” festivalının təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və İşçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Mayın 20-nə olan məlumata əsasən, 45 min 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.