Google məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib
Google şirkəti heç bir rəsmi anons etmədən məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib. Sözügedən tətbiq artıq Appe Store platformasında aktivdir. Lakin onu standart axtarış sistemi ilə tapmaq mümkün deyil. Bunun üçün birbaşa linkdən istifadə etmək lazımdır. Bir Android smartfondan digərinə keçid edən zaman məlumatların köçürülməsi prosesi asan başa gəlir.
Bunun üçün sadəcə olaraq iki cihazı naqil vasitəsilə birləşdirərək və ya naqilsiz qoşulmadan istifadə edərək bütün tətbiqləri, mesajları, kontaktları, fotoları və digər faylları kopyalayıb lazımi cihaza göndərmək lazımdır. Lakin iOS-dən Android-ə keçən zaman məlumatların ötürülməsi prosesi bir qədər qəlizdir. Belə ki, istifadəçi Google Drive-da backup-lar yaratmalı və məlumatların bərpasını fərdi şəkildə reallaşdırmalıdır.
Android 12-də bu proses bir qədər sadələşdirilib. Lakin bu halda dəstəklənən Lightning naqilindən istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, Google şirkətinin məlumatları iOS-dən Android-ə köçürtmək imkanını verən xüsusi tətbiq üzərində çalışdığı barəsində məlumatlar hələ keçən il ortaya çıxmışdı. İndi isə sözügedən tətbiq App Store-da istifadəyə verilib və onun adı Switch to Android-dir. Bu tətbiq vasitəsilə məlumatlar iOS-dən Android-ə köçürülməsi naqilsiz ötürülmə vasitəsilə reallaşdırılır. Bununla belə standart mesajlar köçürülən məlumatlar siyahısına daxil edilmir. Tətbiq sadəcə olaraq istifadəçiyə öncədən iMessage-in deaktiv edilməsi üzrə bildiriş göndərir.