Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib
Qualcomm şirkəti Snapdragon X70 5G adlı yeni flaqman modemini təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən modem dünyada ilk dəfə modem radiotezlik sistemində süni zəka prosessorunu əldə edib. Sadə sözlə desək, Snapdragon X70 5G modemində ayrıca süni zəka bloku mövcuddur və bunun mobil şəbəkə üçün nəzərdə tutulmuş modemdə reallaşdırılması bir ilkdir. Modemə inteqrasiya edilmiş süni zəka bloku Qualcomm 5G AI Suite adlanır.
Sürətin artırılması, əhatə dairəsinin genişlənməsi, siqnal gecikməsinin minimuma endirilməsi, enerji effektivliyinin yüksəldilməsi və şəbəkə kanallarının etibarlılıqlarının təmin olunması üçün sözügedən süni zəka bloku sub-6 GHz və mmWave kanallarını optimizasiya edir. Qualcomm bildirib ki, Snapdragon X70 5G modemi 600 MHz-dən 41 GHz-ə kimi istənilən 5G diapazonunu dəstəkləyə bilir. Məlumatların ötürülməsi sürətinə gəldikdə isə o, saniyədə 10 Gbit sürəti təmin edir. Gözləntilərə əsasən sözügedən modemə sahib olacaq ilk smartfonlar artıq bu ilin sonunda təqdim olunacaqlar.