MediaTek 5G smartfonlar üçün yeni Dimensity 8100 və Dimensity 8000 prosessorlarını təqdim edib
MediaTek şirkəti Dimensity seriyasının 2 yeni prosessor modelini təqdim edib. Söhbət, MediaTek Dimensity 8100 və Dimensity 8000 modellərindən gedir. Sözügedən prosessorlar orta seqmentə aid 5G dəstəkli güclü smartfonlar üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu prosessorlar yüksək keyfiyyətli kameraları da dəstəkləyirlər. 5 nanometrlik Dimensity 8100 prosessoru 2.85 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir.
Bundan əlavə olaraq prosessor özündə Mali-G610 MC6 qrafik çipini birləşdirir. Dimensity 8100-ə təsvirlərin emal edilməsi üçün nəzərdə tutulmuş Imagiq 780 ISP adlı prosessor quraşdırılıb.
Bu prosessor iki kameranın eyni anda HDR videolar çəkməsinə imkan verir və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində HDR10+ videoların yaradılmasını reallaşdırır. Həmçinin sözügedən prosessor 200 MP-lik kameraların dəstəyinə sahibdir. Dimensity 8100-də süni zəka hesablamalarından APU 580 adlı neyron bloku cavabdehdir. Məlumata əsasən sözügedən neyron bloku əvvəlki modeldən 2.5 dəfə daha sürətlə çalışır. Prosessora 3GPP Release-16 5G adlı modem quraşdırılıb. Prosessor həmçinin Bluetooth 5.3, Wi-Fi 6E 2x2 və Bluetooth LE Audio texnologiyalarının dəstəyinə sahibdir.
Qeyd etmək lazımdır ki, prosessor 168 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ və 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli ekranları dəstəkləyir. MediaTek Dimensity 8000 prosessoruna gəldikdə isə onun texniki özəllikləri demək olar ki, Dimensity 8100 ilə eynidir. Sadəcə olaraq bəzi fərqləndirici faktorlar mövcuddur. Məsələn Dimensity 8000-nin sahib olduğu Cortex-A78 nüvələri 2.85 GHz əvəzinə 2.75 GHz tezlikdə çalışırlar. Bununla yanaşı Dimensity 8000 yalnız 168 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları dəstəkləyir. Bu yeni prosessorlara sahib ilk smartfonların nə zaman təqdim olunacaqları barəsində məlumat daha sonra veriləcək.