Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini təqdim edib
Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib. Bu, süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş yeni superkompüterdir. Şirkətin sözlərinə əsasən sözügedən superkompüter yaxın zamanda dünyanın ən sürətli superkompüteri olacaq. Superkompüterin yaradılması üzrə layihəyə Meta şirkətinin infrastruktur və süni zəka üzrə komandaları rəhbərlik ediblər. Layihənin reallaşdırılmasında yüzlərlə mütəxəssis iştirak edib.
Meta bildirib ki, hal hazırda onun mütəxəssisləri superkompüteri süni zəka modellərinin təlimatlandırılmasında istifadə edirlər. Təlimatlandırılma prosesi çərçivəsində süni zəka modellərinə təbii dil ilə computer vision emalı öyrədilir. Əsas məqsəd isə trilyonlarla parametrə sahib süni zəka modellərinin imkanlarının genişləndirilməsidir.
Bunun üçün mütəxəssislər EB (ekzabayt) həcmində olan məlumatlar toplusundan istifadə edirlər. “Bizim metakainat üçün yaratdığımız təcrübə böyük hesablayıcı gücləri tələb edir. RSC isə trilyonlarla nümunə əsasında təlimatlandırıla və yüzlərlə dili başa düşə biləcək süni zəka modellərini yaratmaqda yardımçı olacaq” - deyə Mark Zuckerberg bildirib. Verilmiş məlumata əsasən hal hazırda Meta-nın superkompüteri 760 ədəd NVIDIA DGX A100 sistemindən ibarətdir. Bu sistemlər isə özlərində ümumilikdə 6080 ədəd NVIDIA A100 qrafik prosessoru birləşdirirlər. Bu cür göstəricilər sözügedən superkompüteri dünyanın ən sürətli superkompüterlər reytinqində 5-ci yerdə qərarlaşdırırlar.
Meta bildirib ki, bu ilin yay fəslində superkompüter tamamilə hazır olandan sonra o özündə 16.000 ədəd NVIDIA A100 qrafik prosessorunu birləşdirəcək. Bu isə onu dünyanın ən sürətli superkompüteri edəcək. Məlumata əsasən o, saniyədə 16 TB (terabayt) həcmində məlumatları emal edə biləcək. Şirkət superkompüterin harda yerləşdiyi və onun yaradılmasına nə qədər vəsait xərcləndiyi barəsində məlumat verməyib. Məlumatda qeyd edilib ki, Meta şirkətinin superkompüteri tədqiqat məqsədlərində istifadə edilir və onun əsasında ola biləcək məhsullar çətin ki, yaxın illərdə təqdim edilsin. Şirkətin əsas məqsədi insan beyni kimi çalışa biləcək süni zəka modellərinin yaradılmasıdır. Bu cür süni zəka modelləri yüzlərlə dil ilə çalışa, mətnləri, təsvirləri, videoları analiz edə və artırılmış reallıq alətlərini yarada bilərlər.