İnternetdə yeni dövr başlayır: Hər şey dəyişəcək - “WEB 3.0” nədir?
2021-ci ildə həyatımıza yeni texnoloji terminlər daxil oldu. Kirptovalyutalardan geniş istifadə olunmağa başlanıldı. “Metaverse”dən istifadə edənlərin sayı artdı. Virtual aləmdə hətta torpaq satışları başladı. Bütün bunların baş verməsinə şərait yaradan isə gələcəyin interneti olaraq adlandırılan “WEB 3.0”dür.
“WEB 3.0” nədir?
“WEB 3.0” üçüncü nəsil internet deməkdir. Bu, suni intellektlə təmin edilən, özünü inkişaf etdirə bilən internetdir.
Onun əvvəlki nəsil internetlərdən ən böyük fərqi isə mərkəzi qüvvələr tərəfindən idarə edilə bilməməsidir. Yəni, internetə təsir imkanları böyük şirkətlərin əlindən çıxacaq, istifadəçilərin imkanlarının artdığı sistem formalaşacaq.
İnternetin ilk dövrü hesab edilən “WEB 1.0”də istifadəçilər, izləyicilər və dinləyicilər olmaqla tək istiqamətdə ünsiyyət yarada bilirdi. Səhifədəki digər istifadəçilərlə əlaqə qurmaq, ticarət etmək və məlumatlara müdaxilə etmək mümkün olmurdu. Lakin “WEB 2.0”nin həyatımıza daxil olmasıyla bu format dəyişdi. İstifadəçilər daha fəal rol olmağa başladı. Sosial media platformaları buna ən sadə misal ola bilər.
“WEB 3.0”də isə internetin gücü istifadəçilərin əlinə keçəcək. Üçüncü nəsil internetdə istifadəçilər və idarəçilər konsensus protokolları kimi tanınan sabit kodlu qaydalara tabe olacaq. Bununla da, internetin idarəedilməsi idarəçilərin əlindən çıxacaq, istifadəçilərin paylaşımlarını əsas tutan sistem yaranacaq. Heç bir mərkəz tərəfindən idarə edilməyən “web”də tərəflər eyni hüquqa malik olacaq. İdarəçilərin istifadəçilərə qadağalar tətbiq edərək, onlar üzərində üstünlük qurması halları aradan qalxacaq. İstifadəçilər heç bir məzkəzdən icazə almadan fərqli tətbiqlər yarada biləcək və onlarla əlaqə qura biləcək.
“WEB 3.0”də hər sosial platforma üçün fərqli hesablara ehtiyac olmayacaq. Bir hesabla bütün platformalara daxil olmaq mümkün olacaq. Nəticədə üçüncü nəsil internet, istifadəçilərin imkanlarını artıraraq, “metaverse” kainatına gedən yolu hazırlayacaq. Bütün bunların isə ən gec yaxın 10 il ərzində baş verəcəyi proqnozlaşdırılır.
“WEB 3.0”də də internetin ən böyük problemləri olan kiber hücumlar, səhv məlumatlar, yalnış təbliğatların aparılması kimi problemlər olacaq.