Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib
Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbuklar üçün 2 yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 8cx Gen 3 və Snapdragon 7c+ Gen 3-dən gedir. Şirkət bildirib ki, ayrı-ayrı hallarda sözügedən yeni prosessorlar əvvəlki modellərdən 85% daha güclüdürlər. Snapdragon 8cx Gen 3 modeli 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, keçən ilki 8cx Gen 2-dən hesablama gücü baxımından 85% (29 TOPS) daha güclüdür. Onun qrafik performansı isə 8cx Gen 2-dən 60% yüksəkdir.
Qualcomm-un verdiyi məlumata əsasən sözügedən prosessora sahib noutbuklar oyunları saniyədə 120 kadr sürətlə Full HD formatda işə sala biləcəklər.
Bundan əlavə olaraq Snapdragon 8cx Gen 3 prosessoru Snapdragon X65 5G modemini əldə edib. Sözügedən modemin sürəti isə saniyədə 10 Gbit-ə bərabərdir. Bununla yanaşı prosessorda Wi-Fi 6 və 6E texnologiyalarının dəstəyi də reallaşdırılıb. Snapdragon 8cx Gen 3 24 MP-ə kimi olan kamera sensorlarını dəstəkləyir. Snapdragon 8cx Gen 3 modeli həmçinin Windows 11 əməliyyat sistemi ilə uyğunlaşa bilir. Snapdragon 7c+ Gen 3-ə gəldikdə isə o, 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və keçən ilki 7c Gen 2 ilə müqayisədə hesablama gücündə 60% yüksəliş sərgiləyir.
Yeni prosessorun qrafik performansı isə 70% artıb. Snapdragon 7c+ Gen 3 prosessoru Snapdragon X52 5G modemi ilə təchiz olunub və 2 diapazonlu 5G şəbəkələri dəstəkləyir. Prosessorun sahib olduğu bu modemin sürəti isə saniyədə 3.7 Gbit təşkil edir. Snapdragon 7c+ Gen 3 prosessoru da Wi-Fi 6 və 6E texnologiyalarının dəstəklərini əldə edib. Prosessorda ətraf səs-küyün boğulma sisteminin dəstəyi reallaşdırılıb və bu sistem süni zəka əsasında çalışır. Bununla yanaşı Snapdragon 7c+ Gen 3 modeli Full HD+ keyfiyyətinə kimi olan ekranları və 64 MP-ə kimi olan kamera sensorlarını dəstəkləyir. Sözügedən model də Windows 11 ilə uyğunlaşa bilir. Təqdim edilmiş yeni prosessorlara sahib noutbukların gələn ilin birinci rübündə satışa çıxacaqları gözlənilir.