Facebook şirkəti yeni adını təqdim edib
Facebook rəsmi şəkildə elan edib ki, bundan sonra şirkət Meta adlanacaq. Sözügedən rebrendinq son zamanlar şirkətə qarşı olan tənqidlərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, aylıq 2.9 milyard aktiv istifadəçi kütləsinə sahib servisləri özündə birləşdirən bu böyük texnoloji şirkət son illərdə böyük diqqət obyektinə çevrilib və qanunvericilər, nizamlayıcı orqanlar və hüquq müdafiəçiləri tərəfindən çoxlu sayda tənqidə məruz qalıb. Şirkətin CEO-su olan Mark Zuckerberg-in sözlərinə əsasən şirkətin yeni adı onun metakainat (metaverse) strukturunu yaratmaq məqsədini ifadə edir.
O həmçinin qeyd edib ki, Facebook adı yalnız bir məhsul ilə o dərəcədə əlaqəlidir ki, o, şirkətin bügünkü gündə fəaliyyətini tam şəkildə əks etdirə bilmir. Qeyd etmək lazımdır ki, ad dəyişikliyi yalnız şirkəti əhatə edir. Belə ki, sosial şəbəkənin adı Facebook olaraq qalacaq.
Şirkət bildirib ki, bu dəyişiklik onun müxtəlif tətbiqləri ilə texnologiyalarını bir brend altında birləşdirəcək. Şirkətin korporativ strukturunda bir dəyişiklik olmayacaq. İlk dəfə 30 il bundan öncə antiutopik romanlarda ortaya çıxmış metakainat termini indiki vaxtda Silikon Vadisinin ən ağıllı şəxslərinin maraqlarını cəlb edir. Bu terminin ideyasına əsasən ümumi virtual mühit olmalıdır və insanlar müxtəlif cihazlardan istifadə edərək bu virtual mühitə keçid etmə imkanına sahib olmalıdırlar. Qeyd etmək lazımdır ki, şirkətin yeni adının loqosu sonsuzluq işarəsi formasında reallaşdırılıb. Şirkət artıq bu loqonu Kaliforniyadakı əsas ofisinə yerləşdirib.