Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək
Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının hamısına Face ID texnologiyasını əlavə etməyi planlaşdırır. Gurman-ın sözlərinə əsasən Face ID texnologiyasını hətta büdcəli iPhone SE və iPad modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu məhsullar hal-hazırda yalnız Touch ID texnologiyasına sahibdirlər. Bundan əlavə olaraq Apple şirkəti Face ID texnologiyasını həmçinin Mac kompüterlərinə də inteqrasiya etməyi düşünür. Hal-hazırda MacBook modellərinin çox nazik ekranlara sahib olmaları səbəbilə bunu reallaşdırmaq mümkün deyil.
Lakin jurnalist əmindir ki, yaxın gələcəkdə Apple mühəndisləri bu problemi aradan qaldırmağın yolunu tapa biləcəklər. Gurman-ın fikrincə Apple öz əsas məhsullarının hamısında Face ID texnologiyasını yaxın bir neçə il ərzində reallaşdıracaq.Bundan əlavə olaraq onun sözlərinə əsasən Apple həmçinin iPhone-da ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameradan da istifadə etməyi nəzərdən keçirdir. Bu cür özəllik iPhone-nun Pro və Pro Max modellərinin fərqlənməsinə səbəb ola bilər. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone-larda ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera 2023-cü ildə təqdim oluna bilər.