Çərşənbə, 28 İyul 2021

Apple şirkəti iOS 15-i təqdim edib

Tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransı çərçivəsində Apple şirkəti iOS 15 əməliyyat sistemini təqdim edib. iOS-in yeni versiyasında Apple ilk öncə servislər ilə tətbiqlərə diqqət ayırıb. Əməliyyat sisteminin özündə isə istifadəçilərin gözlədikləri kimi o qədər də çox dəyişiklik yoxdur. Beləliklə şirkət iOS 15-də FaceTime tətbiqini ciddi şəkildə yeniləyib. Qrup videozəngləri zamanı danışan şəxs müvafiq animasiya ilə işarələnir və onun səsi smartfon ekranında əks olunduğu tərəfdən gəlir. Bundan əlavə olaraq tətbiqə ətraf səs-küyün boğulması və portret rejimi kimi funksiyalar əlavə olunub. Bundan sonra FaceTime üzərindən yaradılmış videokonfranslara linkləri istənilən rahat yol ilə göndərmək olar.

Bununla yanaşı zəngə istənilən cihazdan qoşulmaq mümkün olacaq. Bura Android və Windows ilə çalışan cihazlar da daxildir. Bu halda videokonfrans brauzerdə qorunan kanal üzərindən reallaşdırılacaq. Əlavə edilmiş yeni vacib funksiya SharePlay adlanır. Bu funksiya smartfon ekranının görüntüsünü canlı yayıma çıxartmağa və kontentdən birgə istifadə etməyə imkan verir. Məsələn birgə musiqi dinləmək və ya filmə baxmaq olar. Bu halda işə salınmış kontent videokonfransda iştirak edən hər bir iştirakçının cihazına yüksək keyfiyyətdə ötürülür. Hər bir istifadəçi isə işə salınmış kontenti xüsusi interfeys vasitəsilə idarə edə bilər.

iMessage-də göndərilmiş fotoların təsvir olunma tərzlərində dəyişiklik edilib. Əgər fotoların sayı çoxdursa, onları səhifələr kimi və ya bütöv Gallery kimi sərgiləmək olar. Hər bir fotoya reaksiya bildirmək imkanı da reallaşdırılıb. iOS 15-də bloklanmış ekran ilə bildirişlərdə ciddi dəyişikliklər edilib. Bundan sonra mesaj və ya digər bildirişlər göndərmiş istifadəçilərin avatar fotoları bloklanmış ekranda əks olunacaqlar. Bildirişlərin sayı çox olarsa, onlar avtomatik olaraq bir yerdə qruplaşacaqlar. “Do Not Disturb” rejiminin aktivləşdirilməsi zamanı kənar istifadəçilər həmin rejimi görə biləcəklər. Lakin hər hansı bir vacib mesajı göndərmək lazım gələrsə, onlar həmin mesajı göndərə biləcəklər. Sözügedən rejimi aktivləşdirmiş şəxs bu halda da göndərilmiş mesajı əldə edə biləcək.

Focus adlı yeni funksiya işə və ya istirahətə diqqət ayırmaqda yardımçı olacaq. Ümumiyyətlə bu funksiya müəyyən konkret vəziyyətdə lazımsız kənar faktorlara diqqət ayırmamaq üçün nəzərdə tutulub. Məsələn iş rejiminə daxil olan zaman sosial şəbəkələrdən və əyləncə xarakteri daşıyan tətbiqlərdən bildirişlərin gəlməsi dayandırılacaq. Evdə olan zaman isə iş ilə bağlı olan istənilən bildiriş dayandırılacaq. Apple şirkəti iOS 15 çərçivəsində Google Lens analoqu olan Live Text-i təqdim edib. Bu funksiya kamera vasitəsilə veb fotolar və ya təsvirlər üzərində olan mətnləri təyin etməyə imkan verir. Məsələn iPhone kamerasını əl ilə yazılmış hər hansı bir mətnin üzərinə yönləndirmək və onun rəqəmsal kopyasını yaratmaq mümkündür.

Əgər fotonun və ya təsvirin üzərində telefon nömrəsi mövcuddursa, iPhone kamerasını ona tərəf yönəltmək və smartfon ekranında əks olunmuş nömrəyə klikləmək kifayət edir. Bu halda avtomatik olaraq həmin nömrəyə zəng etmək imkanı işə düşəcək. Bundan əlavə olaraq Live Text funksiyası obyektləri də təyin etməyi bacarır. Bu imkandan istifadə edərək istifadəçi hansısa kitab, bina, tikinti və s. obyektlər barəsində məlumatları əldə edə biləcək. iOS-in Photos adlı standart tətbiqində bir sıra yeniliklər reallaşdırılıb.

Bundan sonra fotolardan ibarət olan kolleksiya yeni effektlər ilə yığılacaq və istifadəçi həmin effektləri ayarlaya biləcək. Maraqlı bir özəllik isə ondan ibarətdir ki, hər bir kolleksiya üçün Apple Music-dən uyğun musiqi əlavə ediləcək. İstifadəçi öz istəyinə uyğun olaraq musiqini dəyişə də bilər. Wallet tətbiqində bundan sonra avtomobillərin elektron açarlarını, ev və ya ofis qapılarının kart açarlarını saxlamaq mümkün olacaq. Bundan əlavə olaraq tətbiqdə sürücülük vəsiqəsinin rəqəmsal versiyasını yaratmaq imkanı reallaşdırılıb. İstifadəçi onu hava limanında şəxsiyyəti təsdiq edən sənəd kimi təqdim edə bilər. Lakin bu imkan hələ ki, ABŞ-da təqdim olunur. iOS 15-in ictimai beta versiyası gələn ay istifadəyə veriləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

208888
Bu gün
Bu həftə
Bu ay
Ümumi
62
2271
19442
208888
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi