TSMC şirkəti 1 nanometrlik texnoloji prosesi yaratdığını elan edib
Tayvanın TSMC şirkətinin təmsilçiləri elan ediblər ki, onlar uğurlu şəkildə 1 nanometrlik texnologiyanı yaradıblar. Perspektiv cəhətdən bu texnologiya prosessorların istehsalında istifadə olunacaq. Sözügedən texnologiya üzərində amerikalı və tayvanlı mütəxəssislər bir yerdə çalışırlar. TSMC şirkətinin Massaçusets Texnologiya İnstitutu, Berkli Kaliforniya Universiteti, Tayvan Milli Universiteti və digər təşkilatlar ilə əməkdaşlığı çərçivəsində xüsusi komponent aşkar edilib və həmin komponent 1 nanometrlik prosessorların istehsalında aparıcı rol oynayacaq.
Söhbət bismut elementindən gedir. Onun istifadəsi öz növbəsində yeni nəsil prosessorların performanslarını və enerji effektivliklərini yüksəltməyə imkan verəcək. Təcrübi nümunə qismində molibden sulfidi əsasında hazırlanmış ikiölçülü yarımkeçiricidən istifadə olunub. Onun bismut ilə kontaktı zamanı materiallar arasında elektrik cərəyanı keçiriciliyinə mane ola biləcək energetik baryer yaranmayıb. Tədqiqatçılar bildiriblər ki, bu cür kontruksiya n növünə aid olan yeni nəsil tranzistorların yaradılması üçün uyğundur. Təbii ki, 1 nanometrlik prosessorların istehsalından hələki söhbət getmir.
Belə ki, p növünə aid uyğun tranzistorlar hələ yaradılmayıb. Kristal üzərində tranzistorların yerləşdirilmə sıxlığını yüksəltmək hesabına TSMC şirkəti prosessorun performans göstəricisini aşağı salmadan yekun cihazın daha uzun müddət çalışmasına nail ola bilər. Təəssüflər olsun ki, şirkət 1 nanometrlik texnoloji proses əsasında hazırlanacaq ilk prosessor nümunələrinin istifadəyə verilməsi məsələsində heç təqribi müddət də qeyd etməyib. Məlum olan odur ki, 2022-ci ilin ikinci yarısında şirkət 3 nanometrlik prosessorların istehsalına start verməyi planlaşdırır.