Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq
Öz əməliyyat sisteminin təkmilləşdirilməsi ilə məşğul olan Microsoft şirkəti Windows 10-un növbəti versiyasında bir sıra faydalı funksiyanı aradan qaldırıb. Belə ki, yaxın zamanda istifadəçilər hələ 3 il bundan öncə istifadəyə verilmiş Timeline funksiyasının bir çox imkanından istifadə edə biləyəcəklər. Qeyd etmək lazımdır ki, Windows 10-la çalışan noutbuk və kompüter sahibləri Timeline funksiyası vasitəsilə istənilən vaxt sistemdəki dəyişiklik xronologiyasını, fayllarla çalışmanı və həmçinin əlavə edilmiş yeni sənədləri izləyə bilirlər.
Win+Tab kombinasiyası sayəsində işə düşən Timeline paneli axtarış prosesinə vaxt itirmədən sistemdə olmuş dəyişikliklərin sürətli izlənməsi imkanını verir.
İstifadəçinin son ay ərzində daxil olduğu saytlar ilə fayllar Timeline tarixçəsində qeydə alınır. Bunu hətta Android və iOS-də də etmək mümkün idi. Lakin təəssüflər olsun ki, keçən ilin noyabr ayında Android üçün olan Microsoft Launcher-dən Timeline yığışdırılmışdı. İndi isə sözügedən funksiya həmçinin tərtibatçılar üçün nəzərdə tutulmuş Windows 10 Insider-də də deaktiv edilib. Microsoft bu vəziyyətə fikir bildirib və qeyd edib ki, o, Timeline funksiyasını tamamilə deaktiv etmək niyyətində deyil. Sadəcə olaraq bu funksiyanın imkanları bir qədər məhdudlaşdırılacaq. Bir neçə müddət bundan öncə baxılmış saytlar ilə fayllara yenidən nəzər yetirmək imkanı olduğu kimi qalacaq. Lakin mobil cihazlarla sinxronlaşdırılma mümkün olmayacaq.