Şənbə, 21 Dekabr 2024

Xiaomi Mi 11 Pro, Mi 11 Ultra, Mi 11 Lite smartfonları təqdim olunublar - QİYMƏTİ

 

Xiaomi şirkəti irimiqyaslı təqdimat tədbiri çərçivəsində yeni Mi 11 Pro, Mi 11 Ultra flaqman smartfonlarını və sadələşdirilmiş Mi 11 Lite smartfonunu təqdim edib. Təqdim olunmuş yeni smartfonlarda şirkət aparıcı kamera texnologiyalarını quraşdıraraq əsas diqqəti foto və video çəkiliş özəlliklərinə ayırıb. Smartfonlar həmçinin sürətli şarj texnologiyasını dəstəkləyirlər və şirkət tarixində ilk dəfə tam sudan qorunma özəlliyinə sahibdirlər. Mi 11 Pro hələ bir neçə müddət bundan öncə təqdim olunmuş adi Mi 11-in təkmilləşdirilmiş versiyasıdır. Smartfon kənarları əyilmiş və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.81 düym E4 AMOLED ekran ilə təchiz olunub. Mi 11 Pro modeli şirkətin Dolby Vision texnologiyasını dəstəkləyən ilk smartfon modelidir.

Bununla yanaşı smartfonun ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi və antibakterial örtük ilə əhatə olunub. 

Əsas texniki göstəricilərə gəldikdə isə Mi 11 Pro modeli Snapdragon 888 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Batareya həcminin yüksəlməsinə baxmayaraq smartfon gövdəsinin qalınlığı çox az artıb. Bunun əsas səbəbi isə smartfonda yeni növ batareyanın yerləşdirilməsidir. Həmin yeni növ batareya adi litium-ion batareyalardan həm yüngül, həm də kompaktdır. Smartfon həmçinin 67 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Şirkətin verdiyi məlumata əsasən həm naqilli,  həm də naqilsiz şarj zamanı smartfon 100% enerjini 36 dəqiqəyə yığır.

Kameralara gəldikdə isə Mi 11 Pro-da mövcud olan ən böyük mobil kamera sensoru yerləşdirilib. Söhbət, 50 MP-lik Samsung ISOCELL GN2 kamera sensorundan gedir. Onun ölçüsü 1/1.12 dyüm təşkil edir. Bir pikselin ölçüsü isə 1.4 mikrometrdir. Qaranlıq mühitdə çəkiliş zamanı digər 4 piksel 2.8 mikrometr ölçüdə olan bir böyük pikselə çevrilir. Beləliklə smartfon 50 MP + 13 MP (123 dərəcə bucaq təsvirli ultragenişbucaqlı kamera sensoru) + 8 MP (5 qat optik zoom-a və təsvirin optik stabilizasiyasına sahib teleobyektiv) üçlü arxa kamera və 20 MP-lik ön kamera ilə təchiz olunub. Mi 11 Pro-nun 50 MP-lik əsas kamerası 4K/8K keyfiyyətində videolar çəkə bilir. Mi 11 Pro-nun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bunun sayəsində smartfonu 30 dədiqə müddətinə 1.5 metr dərinliyə endirmək olar.

 Mi 11 Pro-nun ardınca Mi 11 Ultra təqdim edilib. Ultra modeli Pro-dan arxa kamera dizaynı və bir sıra texniki özəlliklərə görə fərqlənir. Belə ki, Mi 11 Ultra 512 GB daxili yaddaşı dəstəkləyən versiyaya sahibdir. Bununla yanaşı Ultra modeli öz kamera göstəriciləri ilə də fərqlənir. Belə ki, smartfon 50 MP (Samsung ISOCELL GN2) + 48 MP (128 dərəcə bucaq təsvirli ultragenişbucaqlı kamera sensoru) + 48 MP (5 qat optik zoom-a sahib teleobyektiv) üçlü arxa kamera ilə təchiz olunub. Digər bütün özəlliklər üzrə Ultra modeli Pro-nun eynisidir. Mi 11 Pro və Mi 11 Ultra flaqman modelləri ilə yanaşı şirkət həmçinin sadələşdirilmiş Mi 11 Lite modelini də təqdim edib.

Sözügedən model Xiaomi tarixinin ən nazik smartfon modeli hesab edilir. Belə ki, onun qalınlığı 6.81 mm təşkil edir. Mi 11 Lite 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekranı özündə birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 5G dəstəkli Snapdragon 780G prosessoru, 8 GB RAM, 128 /256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (119 dərəcə bucaq təsvirli ultragenişbucaqlı kamera sensoru) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 4250 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Mi 11 Lite modelinin digər özəllikləri sırasında stereo səsgücləndiricilər və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul var. Hər üç Mi 11 modelinin satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Mi 11 Pro - 762$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Mi 11 Pro - 808$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Mi 11 Pro - 868$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Mi 11 Ultra - 914$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Mi 11 Ultra - 990$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Mi 11 Ultra - 1066$

- 128 GB yaddaşa sahib Mi 11 Lite - 350$

- 256 GB yaddaşa sahib Mi 11 Lite - 395$.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353734
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1092
12106
33796
1353734
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.