Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq
Google şirkəti Google Play-dən olan tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını anons edib. Bu yeni funksiya tətbiqlərin quraşdırılma sürətlərini artırmaqla yanaşı smartfonun daxili yaddaşına qənaət etməyə imkan verəcək və smartfonun çalışma müddətini yüksəldəcək. Adətən Google Play-dən yüklənən tətbiq bir paket şəklində smartfona quraşdırılır. Bu halda vahid paketin daxilində lazımsız digər paketlər də olur.
Lakin tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını aktivləşdirəndən sonra Google yüklənən tətbiqin əsas funksiyalarını təyin edəcək və ilk öncə onları quraşdıracaq.
Çoxlu sayda istifadəçinin prioritetlərini analiz edərək Google öz software tərəfinin strukturunu optimizasiya edə bilər. Başqa sözlə desək, hər hansı bir tətbiqin Google Play-dən yüklənməsi zamanı həmin tətbiqin ilk öncə əsas komponentləri quraşdırılacaq.
Bu üsul ilə istifadəçi lazımi tətbiqi daha tez işə sala bilər. Tətbiqin ikincidərəcəli komponentləri isə fon rejimində yüklənməyə davam edəcək. Bu həmçinin smartfona olan yüklənməni aşağı salacaq və onun uzunmüddətli çalışmasına şərait yaradacaq. Google onu da qeyd edib ki, bu funksiyanın aktivləşdirilməsi ilə şirkət heç bir istifadəçi məlumatını yığmayacaq. İstifadəçi öz istəyinə uyğun olaraq optimizasiya funksiyasını Google Play-in ayarlarında deaktiv edə bilər. Sözügedən yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi barəsində məlumatı şirkət daha sonra açıqlayacaq.