Azərbaycanda 5G şəbəkəsi də istifadəyə verilə bilər
"Biz mobil şəbəkəmizi abunəçilərin istəklərinə uyğun qururuq. Bu baxımdan da əgər abunəçilər istərsə, biz 5G şəbəkəsini də onların istifadəsinə verə bilərik".
Bunu "Azerfon" MMC-nin (Nar) Baş icraçı direktoru Qunnar Panke keçirilən mətbuat konfransında deyib. Q.Panke hazırda abunəçilərə 5G xidmət göstərə biləcəklərini deyib:
"Amma bu gün üçün abunəçilərimizdə belə bir tələb görmürük.
Onu da qeyd edim ki, hazırda ölkəmizdə olan baza stansiyalarımızın 5G xidmətini göstərmək imkanı var. Əgər hansısa abunəçi bu gün 5G şəbəkəsindən istifadə etmək istəsə müraciət edə bilər və biz bunu onlar üçün təşkil edə bilərik".
Şirkətin kommersiya direktoru Müşfiq Əliyev isə smartfonlardan istifadə edən abunəçilərin sayını açıqlayıb:
"Hazırda smartfondan istifadə edən abunəçilər ümumi istifadəçilərin 77 %-ni təşkil edir. İnternet trafikindən istifadə regionlarda 66 %, Bakı və Abşeron yarımadasında 17 % artıb".