Xiaomi yeni konseptual smartfonunu sərgiləyib
Xiaomi Mi Mix Alpha-dan sonra yeni konseptual smartfonunu sərgiləyib. Bu üsul ilə şirkət gələcək smartfonların necə görünəcəyi ideyasını təqdim edib. Təqdim edilmiş yeni konseptual smartfon öz monolit dizaynı və gövdənin hər 4 tərəfinə əyilmiş ekranı ilə seçilir. Konseptual smartfonun əsas özəlliyi ekran konstruksiyasındadır. Belə ki, smartfonun ekranı gövdənin hər 4 tərəfində 88 dərəcə əyilib. Bununla belə smartfonun heç bir görünən çərçivəsi və ya əlavə paneli yoxdur. Mi Mix Alpha-dan fərqli olaraq bu yeni konseptual smartfonda ekran arxa paneli əhatə etmir. Arxa panel ənənəvi dizaynda reallaşdırılıb.
Xiaomi-nin sözlərinə əsasən bu cür ekran şüşəsinin istehsalı üçün şirkət tamamilə yeni təchizat yaradıb. Həmin təchizat ekran şüşəsini 800 dərəcə qızdırır və ona lazımi formanı verir. Bundan əlavə olaraq Xiaomi bildirib ki, sözgüedən konseptual smartfon ekranın alt hissəsinə yerləşdirilmiş ön kameraya sahibdir. Bununla belə smartfonda heç bir fiziki düymə və ya şarj girişi reallaşdırılmayıb. İdeyaya əsasən bu smartfon yalnız naqilsiz şarj texnologiyası vasitəsilə şarj olunur. Məlumata əsasən bu konseptual smartfonun yaradılmasında şirkətin 46 ədəd eksklüziv patentindən istifadə olunub. Qeyd etmək lazımdır ki, bu sadəcə olaraq konseptual smartfondur və onun nə vaxtsa satışa çıxıb-çıxmayacağı bilinmir.