Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib
Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdragon 888 adlı yeni flaqman mobil prosessorunu anons etdi. Gözlənilirdi ki, şirkət yeni flaqman prosessorunu Snapdragon 875 adlandıracaq. Lakin heç gözlənilmədən yeni mobil prosessor digər adı əldə edib. Bundan əlavə olaraq tədbirdə digər anonslar da baş verib.
Şirkət tədbirin ilk günündə Snapdragon 888-in dəqiq texniki göstəriciləri barəsində məlumat verməyib. Bunun yerinə prosessorun əsas üstünlükləri barəsində danışılıb. Onun bütün texniki göstəricilərinin bugün təqdim olunacağı gözlənilir. Beləliklə Qualcomm yeni Snapdragon 888-də əsas diqqəti 5G şəbəkəsinə, süni zəka texnologiyasına və mobil gaming-ə ayırıb.
Verilmiş məlumata əsasən Snapdragon 888 prosessoru üçüncü nəsil Snapdagon X60 5G Modem-RF System modem radiosistemini əldə edib. Bu sistem də prosessorun özü kimi 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və bütün aparıcı 5G diapazonları ilə onların kombinasiyalarının (mmWave və sub-6 da daxil olmaqla) tezlik aqreqasiyalarını dəstəkləyir. Bu isə öz növbəsində 5G dəstəkli qlobal şəbəkələr ilə uyğunlaşmanı təmin edir. Yeni modem saniyədə 7.5 Gbit download sürətini və saniyədə 3 Gbit upload sürətini təmin edir.
Snapdragon 888-in tərkibinə üçüncü nəsil AI Engine dəstəkli tamamilə yenidən hazırlanmış Qualcomm Hexagon prosessoru daxildir.
Bu isə əvvəlki prosessor modelləri ilə müqayisədə süni zəka əməliyyatlarının yerinə yetirilməsi üzrə daha yüksək performans və enerji effektivliyi sərgiləyir. Snapdragon 888-ə həmçinin üçüncü nəsil Snapdragon Elite Gaming texnologiyası inteqrasiya edilib. Bu texnologiya Adreno qrafik çiplərinin performanslarını yüksəltməyə imkan verir. Şirkət qeyd edib ki, Snapdragon 888 prosessoru smartfonları professional kameralara çevirir.
Yeni təsvir emalı prosessoru olan Spectra ISP saniyədə 2.7 GP (giqapiksel) sürətlə foto və video, o cümlədən saniyədə 12 MP keyfiyyətli 120 foto çəkə bilir. Təqdimat zamanı Xiaomi təmsilçisi rəsmi şəkildə Mi 11 flaqman smartfonunu anons edib və qeyd edib ki, o, Snapdragon 888-i əldə edəcək ilk cihazlardan biri olacaq. Bununla yanaşı sözügedən yeni prosessoru həmçinin ASUS, Black Shark, Lenovo, LG, Meizu, Motorola, Nubia, Realme, OnePlus, OPPO, Sharp, Vivo və ZTE smartfonları da əldə edəcəklər.