Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edib
Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirib. Sözügedən smartfon büdcəli smartfonlar siyahısına daxil olsa da şirkət istifadəçilərin gözləntilərini qarşılamaq üçün əlindən gələni edib. Beləliklə Poco M3 modeli yüksək həcmli batareya, keyfiyyətli kameralar, stereo səsgücləndiricilər və performanslı prosessor əldə edib.
Poco M3 smartfonu Full HD+ keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir.
Smartfonun ekranı 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində isə damcı formalı çıxıntı yerləşdirilib. Fotolardan da görmək olar ki, barmaq izi skanı texnologiyası arxa paneldə yoxdur. Bunun əvəzinə bu texnologiya smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Əsas texniki göstəricilərə gəldikdə isə Poco M3 8 nüvəli Snapdragon 662 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin bir müddətdən sonra Android 11 dəstəyini də əldə edəcək. Poco M3 bu həftə satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 149$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 169$-a satılacaq.