Samsung-un ilk 5 nanometrlik mobil prosessoru: 8 nüvəli Exynos 1080 prosessoru təqdim olunub
Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində Exynos 1080 mobil prosessorunun təqdimatını keçirdib. Təqdim edilmiş yeni prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə ARM-dən olan ən yeni nüvələr ilə qrafikanı birləşdirir. Lakin ən maraqlı fakt ondan ibarətdir ki, Exynos 1080 prosessoru orta səviyyəli prosessor qismində çıxış edir. Exynos 1080-in tərkibinə 2.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə, 4 ədəd Cortex-A55 nüvəsinə və 10 nüvəli Mali-G78 qrafik çipinə sahib mərkəzi prosessor daxildir.
Şirkətin verdiyi məlumata əsasən Exynos 980 ilə müqayisədə Exynos 1080-nin birnüvəli rejimindəki performansı 50%, çoxnüvəli rejimindəki performansı isə 100% yüksəlib. Bununla yanaşı bu prosessorda Amigo adlı yeni alqoritmin istifadəsi sayəsində enerji sərfiyyatı üzrə effektivlik 10% yaxşılaşdırılıb. Sözügüdən prosessor Full HD+ keyfiyyətində 144 Hz-lik və WQHD+ keyfiyyətində 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir.
Bununla yanaşı Exynos 1080 prosessoru LPDDR5 standartlı RAM yaddaşının, UFS 3.1 standartlı daxili yaddaş həcminin, Bluetooth 5.2-nin və Wi-Fi 6-nın dəstəyini əldə edib. Prosessora inteqrasiya edilmiş 5G modem məlumatları saniyədə 5.1 Gbit sürətlə ötürməyə imkan verir. Exynos 1080 həmçinin 200 MP-lik kameralar ilə çalışa bilir, saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində və HDR10+ rejimində videoların çəkilişini dəstəkləyir. Təqdimat zamanı Samsung bildirib ki, 2021-ci ildə Exynos 1080 prosessorunu Vivo smartfonları əldə edəcəklər.