Bazar, 22 Dekabr 2024

Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub

 

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Mate 40 Pro+ və Porsche Design Huawei Mate 40 RS modelləri daxil olublar. Gəlin adi Mate 40 modelindən başlayaq. Deməli xarici görünüşcə Mate 40 modeli Pro versiyaya bənzəyir. Lakin onların arasında bəzi fərqlər mövcuddur. İlk növbədə adi Mate 40 modeli 2376x1080 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub.

Ekran 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və barmaq izi skanı texnologiyasına sahibdir. Bununla yanaşı smartfon ekranının kənarları əyilmiş formada reallaşdırılıb. Lakin Pro modellərdən fərqli olaraq adi Mate 40 modelinin ekranının kənarları 88 dərəcə deyil 68 dərəcə bucaq altında əyilib.

    Bununla yanaşı sözügedən smartfonun gövdəsi yalnız IP53 standartı üzrə sudan qoruna bilir. Pro modellərdə isə IP68 standartı reallaşdırılıb. Son smartfon modellərində olduğu kimi Mate 40-ın ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 9000E prosessoru, 1 böyük nüvəli neyron prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı obyektiv) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfon həmçinin 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Mate 40 modeli EMUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə alışır. Lakin ABŞ sanksiyaları səbəbilə smartfonda Google servisləri mövcud deyillər. Bu modelin nə zaman satışa çıxacağı barəsində məlumat verilməyib. Lakin qeyd olunub ki, o, 899 avro qiymətində satılacaq.

    Mate 40 Pro və Mate 40 Pro+ modellərinə gəldikdə isə onların hər ikisi 1344x2772 piksel keyfiyyətli 6.76 düym OLED ekranla təchiz olunub. Pro modellərinin də ekranlarının kənarları əyilmiş formada reallaşdırılıb. Lakin Pro modellərdə bu əyilmə 88 dərəcə təşkil edir. Buna baxmayaraq smartfonların kənar hissələrində fiziki düymələr yerləşdirilib.

    Qeyd etmək lazımdır ki, hər iki smartfon öz aralarında kamera və RAM göstəriciləri ilə fərqlənirlər. Əsas texniki göstəricilər baxımından Mate 40 Pro modeli Kirin 9000 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma) + 20 MP (f/1.8 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 12 MP (f/3.4 diafraqma, 5 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kamera, 13 MP + ToF ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Mate 40 Pro+ modeli isə 12 GB RAM və 50 MP + 20 MP + 8 MP + 12 MP + ToF beşli arxa kamera ilə təchiz olunub. Digər bütün özəlliklər baxımından Mate 40 Pro+ modeli adi Mate 40 Pro ilə eynidir. Bununla yanaşı qeyd etmək lazımdır ki, hər iki smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Pro modellərin daha bir üstünlükləri ondan ibarətdir ki, onlar yeni Huawei M Pen 2 stilusunu dəstəkləyirlər. Mate 40 Pro modeli 1200 avroya, Mate 40 Pro+ isə 1400 avroya satılacaq.

    Porsche Design Huawei Mate 40 RS modeli texniki özəlliklər baxımından Mate 40 Pro+ ilə eynidir. Lakin Porsche Design həmçinin infraqırmızı termometr ilə də təchiz olunub. Bu termometr müxtəlif obyektlərin temperaturlarını ölçməyə imkan verir. Smartfonun əsas fərqliliyi məhz dizayndadır. Belə ki, şirkət bu modelin dizaynını Porsche şirkəti il birlikdə hazırlayıb. Porsche Design modeli yalnız 512 GB daxili yaddaş versiyasında satılacaq. Onun qiyməti isə 2295 avro təşkil edəcək.

 

 

 

 

 

 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354512
Bu gün
Bu həftə
Bu ay
Ümumi
248
12884
34574
1354512
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.