iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq
Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriyası oldu. Apple şirkətinin verdiyi məlumata əsasən ideal şərtlər çərçivəsində iPhone 12 modellərində 5G şəbəkə vasitəsilə məlumat ötürülməsi saniyədə 4 Gbit-ə çata bilir. Lakin 5G dəstəyi yalnız bir sıra şərtlər çərçivəsində istifadəçilər üçün aktiv olacaq. Satıcılar və mobil operatorlar üçün Apple şirkəti tez-tez verilən suallara cavab siyahısını təqdim edib.
Siyahıda həmçinin iPhone 12-də Dual SIM rejiminin istifadəsi barədə də məlumat verilib. Qeyd etmək lazımdır ki, iPhone modellərində Dual SIM özəlliyinin istifadəsi fiziki və virtual eSIM kartlarının istifadəsi deməkdir. Mobil operatorları maraqlandıran məsələ isə ondan ibarətdir ki, Dual SIM özəlliyindən istifadə məlumatların ötürülməsi sürətinə necə təsir göstərir. Apple şirkəti isə öz növbəsində təsdiqləyib ki, Dual SIM rejimini aktivləşdirəcək istifadəçilər 5G şəbəkəsindən imtina etməli olacaqlar.
Belə ki, Dual SIM rejimində smartfon 4G/LTE şəbəkəsinə keçid edərək hər iki SIM kart üçün sürəti aşağı salacaq. Başqa sözlə desək, 5G şəbəkəsindən istifadə yalnız eSIM-də və ya mobil operatorun təqdim etdiyi 5G əhatəsində mümkün olacaq. Heç istisna deyil ki, Apple şirkəti bu problemi aradan qaldırmaq üçün iOS-ə potensial yenilənmə çıxartsın. Bu halda istifadəçilər hər iki mobil operatorun xidmətindən istifadə edə biləcəklər.