Cümə, 24 Oktyabr 2025

İnternetdəki məqalələrin 50%-dən çoxu süni intellekt tərəfindən tərtib olunub

Graphite agentliyinin məlumatına görə, 2020-ci ildən 2025-ci ilin may ayınadək dərc olunmuş 65 000 ingilis dilli məqalənin təhlili nəticəsində süni intellektin yaratdığı məqalələrin həcmi ilk dəfə insan tərəfindən yazılanlarla eyni səviyyəyə çatıb. Lakin auditoriya hələ də insan tərəfindən yazılmış mətnlərə üstünlük verir: Google üzərindən yönləndirilən keçidlərin 86%-i insan tərəfindən yazılmış məqalələrə aiddir. Tədqiqatda açıq mənbəli Common Crawl məlumat bazası və Surfer AI detektoru istifadə olunub. Detektor mətnləri 500 sözlük hissələrə bölərək, onların hansı faizinin süni intellekt modeli tərəfindən yaradıldığını müəyyənləşdirib.

 Əgər bu pay 50%-dən çox olubsa, həmin məqalə “süni intellekt tərəfindən yaradılmış” hesab edilib. Məlum olub ki, 2022-ci ilin noyabrında ChatGPT istifadəyə verildikdən sonra göstəricilər kəskin artmağa başlayıb və 2024-cü ilə qədər paritetə çatıb: yeni məqalələrin yarısı süni intellekt, yarısı isə insanlar tərəfindən yaradılır. Hazırda fərq təxminən 52%-ə qarşı 48% nisbətində süni intellektin xeyrinədir. Lakin axtarış nəticələrində vəziyyət fərqlidir. Google-un ən yüksək nəticələrində yer alan səhifələr arasında insan tərəfindən yazılmış mətnlər 86%-i təşkil edir. Axtarış alqoritmləri hələ də müəllif məsuliyyəti, istinadlar, unikal məlumatlar və ekspertlik əlamətləri daşıyan məzmunlara üstünlük verirlər - bu isə “xam” süni intellekt mətnlərinin çox vaxt uduzduğu meyarlardır. Hesabat müəllifləri qeyd edirlər ki, süni intellekt məzmununun artım tempi yavaşlayıb: 2024-cü ilin yazından etibarən nəşrlərin nisbəti demək olar ki, dəyişməyib. Şirkətlər və media qurumları üçün bu araşdırma bir siqnal sayılır: süni intellekti əvəzləyici yox, köməkçi kimi istifadə etmək daha məqsədəuyğundur - struktur, ideyalar və qaralama mətnlər yaratmaq üçün, lakin son redaktə mərhələsini insanlara etibar etmək lazımdır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1842681
Bu gün
Bu həftə
Bu ay
Ümumi
941
10730
41074
1842681
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.