İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
İtaliyanın Gevi Wind şirkəti külək turbinlərinin pərlərinin hücum bucağını tənzimləyən süni intellekt sistemi hazırlayıb. Süni intellekt pərlərin bucağını hər bir neçə millisaniyədən bir tənzimləyir, bunun üçün yalnız küləyin istiqaməti və gücü haqqında deyil, həm də qonşu pərlərin yaratdıqları turbulentlik barədə məlumat alır. Bu yanaşma külək enerjisi hasilatının səmərəliliyini xeyli artırır və Avropa miqyasında şəhər külək energetikasının inkişafı üçün əsas ola bilər. Piza və Roma şəhərlərində ofisləri olan Gevi Wind şirkəti 2022-ci ildə təsis edilib. Şirkət şaquli yerləşdirilmiş pərlərə malik külək generatorları hazırlayır.
Belə qurğular nisbətən kiçik ölçülərdə ola bilər və şəhər daxilində enerji istehsalına uyğunlaşdırılıb.Gevi Wind markalı generatorun hündürlüyü 3 metr, rotor diametri isə 5.4 metrdir. O, küləyin sürəti 2.5 m/s-dən başladıqda 3-5 kVt güc hasil edə bilir. Kompakt ölçülərinə görə bu qurğular binaların damlarında və sıx tikinti mühitlərində quraşdırıla bilər. Aşağı səs səviyyəsi binalara yaxın yerləşdirilən külək turbinləri üçün əsas tələblərdən biridir. Gevi Wind sistemi 10 metr məsafədə 38 dB-dən (desibel) yüksək səs yaratmır. Bundan əlavə, qurğunun kiçik ölçüləri onun quraşdırılmasını qüllə tipli turbinlərdə tələb olunan iri kranlardan istifadə etmədən həyata keçirməyə imkan verir. Belə sistemlərin texniki xidməti də daha sadə və ucuz olacaq.