Süni intellekt kadr seçimi üzrə daha yaxşı nəticələr sərgiləyib
Bu həftə Çikaqo Universitetinin Booth Biznes Məktəbinin və Erasmus Rotterdam Universitetinin tədqiqatçıları süni intellektin işə qəbul üçün namizəd axtarışı imkanlarını araşdıran bir tədqiqatın nəticələrini dərc ediblər. Tədqiqat 67 000 iş müsahibəsi əsasında aparılıb və nəticələr kadr seçimi üzrə mütəxəssislər üçün xoş xəbər vəd etmir - süni intellekt bu tapşırıqların öhdəsindən insandan heç də pis gəlmir. Tədqiqatçılar bir işəgötürmə şirkəti ilə əməkdaşlıq ediblər. Birlikdə onlar 67 000 namizədi təsadüfi şəkildə bölüşdürərək ya süni intellekt agenti ilə, ya insanla müsahibə keçirmələrini, ya da seçim haqqını özlərinə buraxıblar.
Qeyd olunur ki, müsahibələr telefon vasitəsilə aparılıb və söhbətin əvvəlində süni intellekt agenti qarşı tərəfi insanla deyil, süni intellektlə danışdığını xəbərdar edib. Bütün hallarda işə qəbul üzrə yekun qərarı insanlar veriblər.u qərar namizədlərin müsahibə zamanı özlərini nə dərəcədə yaxşı göstərməsinə və standart testlərin nəticələrinə əsaslanıb. Süni intellekt agenti tərəfindən aparılan müsahibələr iş təkliflərinin sayının 12% artmasına və işə qəbuldan sonrakı ilk ayda işçilərin saxlanma səviyyəsinin ən azı 17% yüksəlməsinə səbəb olub. Tədqiqatçılar müəyyən ediblər ki, süni intellekt əsaslı səs agentləri zənglər zamanı insan müsahibəçilərlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox əsas mövzuları əhatə edir. Bu yanaşma isə rekruterlərə işə qəbul və ya imtina barədə qərar vermək üçün daha çox aktual məlumat əldə etməyə imkan yaradır. Tədqiqat müəlliflərindən biri Brian Jabarian hesab edir ki, süni intellekt agentinin müsahibələrdə yaxşı nəticə göstərməsinin səbəblərindən biri onun az danışması və namizədi daha fəal danışmağa sövq etməsidir.
Namizədlərin müsahibə vaxtını planlaşdırmaq imkanı olsa da, bu effektivlik müəyyən mənada azalırdı, çünki süni intellekt agentləri tərəfindən aparılan müsahibələrin nəticələrini öyrənmək üçün insan-rekruterlərin orta hesabla təxminən 2 dəfə çox vaxtı tələb olunurdu. Səsli süni intellekt agentlərinə müsahibə üçün investisiya qoyulmasının real qənaətə gətirib çıxarıb-çıxarmayacağı sualı isə əsasən konkret vəziyyətdən asılıdır. Burada vakansiyaların tipi, müsahibə aparmaq üçün süni intellekt agentinin səriştəsi, işə qəbul həcmi, rekruterlərin maaş səviyyəsi və digər amillər mühüm rol oynayır. Görünür ki, rekruter maaşlarının yüksək olmadığı regionlardakı kiçik şirkətlər süni intellekt agentlərinin istifadəsindən fayda götürə bilməyəcəklər. Əvəzində, çoxsaylı namizədləri və bahalı rekruterləri olan böyük şirkətlərin perspektivləri daha ümidverici görünür.