Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib
Bu artıq adi bir praktika halını alıb. Hər bir neçə aydan bir Çindən olan az tanınan bir şirkət böyük dil modeli (LLM) təqdim edir və bu, qabaqcıl süni zəka alqoritmlərinin təlim və istismar xərcləri ilə bağlı təsəvvürləri alt-üst edir. Bu dəfə diqqət mərkəzində MiniMax adlı startap dayanır.
Şirkət yeni M1 adlı süni zəka modelinin təqdimatını elan edib və bu modelin təliminə Qərb analoqları, məsələn, OpenAI-nin GPT-4 modeli ilə müqayisədə xeyli az vəsait xərcləndiyi bildirilir. Bu ilin yanvarında diqqət mərkəzində DeepSeek adlı startap və onun R1 alqoritmi olmuşdu. Mart ayında isə bir müddətlik diqqəti Butterfly Effect adlı startap və onun Manus adlı süni zəka modeli cəlb etdi. Bu startap hər nə qədər Sinqapurda yerləşsə də, əməkdaşlarının böyük hissəsi Çindədir.Keçən həftə isə süni zəka əsasında videooyunlar hazırlamaq üçün xidmət təqdim edən MiniMax şirkəti (Şanxay) yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə MiniMax-ı yada salmağa səbəb 16 iyun tarixində debüt etmiş M1 adlı süni zəka modelinin təqdimatı oldu. İstehsalçıların sözlərinə görə, bu alqoritm məhsuldarlıq və yaradıcılıq baxımından OpenAI, Anthropic və DeepSeek kimi aparıcı sahə oyunçularının analoqları ilə rəqabət apara bilər. Eyni zamanda, bu yeni süni zəka modelinin təlimi və istifadəsi xeyli daha ucuz başa gəlir. MiniMax bildirib ki, M1 modelinin təlimi üçün məlumat mərkəzinin hesablama güclərinin icarəsinə cəmi 534 700$ xərclənib. Müqayisə üçün, sənaye üzrə ekspertlərin hesablamalarına görə, GPT-4o alqoritminin təlimi təxminən 200 dəfə baha başa gəlib və OpenAI bu məqsədlə 100 milyon dollardan çox vəsait sərf edib.